QARABAĞ VƏ MİL DAĞƏTƏYİ DÜZƏNLİKLƏRİNDƏ GƏTİRMƏ KONUSLARININ EKOLOJİ-GEOMORFOLOJİ TƏHLİLİ
Keywords:
gətirmə konusları, relyef, relyefin rəqəmli modeli, morfometrik göstəricilər, CİSAbstract
Dağlıq ölkələrdə gətirmə konusları yaşayış məntəqələrinin salınması üçün ən əlverişli yerlər hesab edilir. Əkin sahələri və meyvə bağları çox vaxt gətirmə konuslarının üzərində salınır, bu da həmin ərazilərdə münbit torpaqların yerləşməsi ilə əlaqədardır. Tədqiqat ərazisində gətirmə konuslarının çöküntüləri şirin su mənbələri ilə zəngin olduğundan, burada məhsuldar torpaq
sahələrinin suvarılmasında mühüm rol oynayan çoxsaylı artezian quyuları qazılmışdır. Gətirmə konuslarının morfologiyasının, ölçülərinin, sayının və formasının öyrənilməsi ayrı ayrı geoloji dövrlərdə yeni tektonik hərəkətlərin tempini, o dövrün paleogeomorfoloji və paleoiqlim şəraitinin öyrənilməsinə geniş imkanlar açır. Qarabağ və Mil düzənliyində İncə, Tərtər, Xaçın,
Qarqar və Araz çaylarının gətirmə konusları əsasən son Pliosen – erkən Dördüncü dövrdə Xəzər dənizinin ümumən geri çəkilməsi ilə əlaqədar olaraq tədricən aşağı düşən eroziya bazislərində gətirmələrin akkumulyasiyası nəticəsində yaranmışdır. Tədqiqat işində ərazinin relyefində təzahür olunan və olunmayan gətirmə konusları geniş təhlil edilmiş və xəritələşdirilmişdir. Əraziyə məxsus relyefin rəqəmli modelinin CİS mühitində təhlili əsasında kənd təsərrüfatı sahələrinin səmərəli yerləşdirilməsində mühüm rol oynayan gətirmə konuslarının morfometrik kəmiyyət göstəriciləri hesablanmışdır.