NİZAMİ GƏNCƏVİNİN GÖZÜ İLƏ İNSAN, VİCDAN VƏ ZAMAN
Keywords:
Nizami Gəncəvi, Sirlər xəzinəsi, aforizmlər, hekayət və məqalətlər, insanAbstract
Bu məqalədə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında insan, vicdan və zaman anlayışları, xüsusilə onun didaktik-fəlsəfi poeması olan “Sirlər xəzinəsi” (“Məxzənül-əsrar”) əsasında araşdırılır. Tədqiqat göstərir ki, Nizami insanı ağıl, mənəvi məsuliyyət və özünütəkmilləşdirmə qabiliyyəti ilə səciyyələnən ən yüksək mənəvi dəyər kimi nəzərdən keçirir.
Məqalədə insanı ədalətə, xeyirxahlığa və mərhəmətə yönəldən daxili mənəvi hakim kimi təqdim olunan vicdan anlayışına xüsusi diqqət yetirilir. İsa peyğəmbər və ölü it haqqında hekayənin təhlili əsasında Nizaminin dünyagörüşünün humanist mahiyyəti üzə çıxarılır, xarici görünüşdən kənarda daxili gözəlliyin və mənəvi saflığın dərk edilməsinin əhəmiyyəti vurğulanır.
Tədqiqatda, həmçinin Nizaminin insan həyatını formalaşdıran və insanın əməllərini qiymətləndirən qüdrətli bir qüvvə kimi zaman anlayışına münasibəti araşdırılır. Şairin fikrincə, dünyəvi nemətlər və maddi sərvətlər müvəqqəti xarakter daşıdığı halda, xeyirxah əməllər, bilik və mənəvi dəyərlər zamanın fövqündə öz əhəmiyyətini qoruyub saxlayır.
Tədqiqatın nəticələri göstərir ki, Nizami Gəncəvinin insan, vicdan və zaman haqqında fəlsəfi-əxlaqi düşüncələri müasir dövrdə də yüksək aktuallıq daşıyır və çağdaş cəmiyyətdə mənəvi-əxlaqi və ruhani istiqamətləndirici mühüm mənbə kimi əhəmiyyətini qoruyur.