J.C.BÜRGELİN GÖZÜ İLƏ “YEDDİ GÖZƏL”:MƏDƏNİYYƏTLƏRARASI OXUNUŞ
Keywords:
Nizami Gəncəvi, Yeddi gözəl, tərcümə, tədqiqat, J.C. BurgelAbstract
Məqalədə alman şərqşünası Y. K. Bürgelin Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına yazdığı ön söz araşdırılır və təhlil edilir. Tədqiqatda Bürgelin Nizami Gəncəvinin həyatına dair fikirləri, xüsusilə də “Yeddi gözəl” poemasına verdiyi şərhlər təhlil olunur. Məqalədə Nizaminin doğum yeri ilə bağlı mövcud mübahisələrə toxunulur, Xəlil Yusiflinin və digər Azərbaycan alimlərinin tədqiqatlarına əsaslanmaqla şairin Gəncə şəhəri ilə bağlılığını təsdiq edən tarixi mənbələr nəzərdən keçirilir.
Tədqiqatda, həmçinin Bürgelin poemanın strukturu, Nizami Gəncəvinin yeddi rəqəminə verdiyi mənalar və Bəhram Gur obrazı ilə bağlı müşahidələri araşdırılır. Bundan əlavə, S. Əsgərovanın və S. Rzasoyun tədqiqatlarına əsaslanaraq məqalədə yeddi rəqəminin İslam dünyasındakı semantik və kulturoloji əhəmiyyəti, eləcə də onun “İsra və Merac” hadisələri və Vəhdətül-vücud fəlsəfəsi ilə əlaqələri təhlil edilir.
Tədqiqatın nəticələrinə əsasən, Y. K. Bürgelin tərcüməsi və şərhləri Qərb oxucusunun Nizaminin ədəbi irsini daha əhatəli şəkildə dərk etməsinə mühüm töhfə verməklə yanaşı, Şərq və Qərb arasında mədəni dialoqun inkişafında da əhəmiyyətli rol oynamışdır.