NƏVİZADƏ ƏTAYİNİN DİVAN POEZİYASI NİZAMİ GƏNCƏVİƏNƏNƏSİ FONUNDA
Keywords:
Nəvizadə Ətayi, Nizami Gəncəvi, divan poeziyası, poetik ənənəAbstract
Bu məqalədə XVII əsrin görkəmli Osmanlı şairi Nəvizadə Atayinin divan poeziyası klassik Şərq ədəbiyyatının banilərindən biri olan Nizami Gəncəvinin formalaşdırdığı ədəbi ənənə kontekstində tədqiq edilir. Araşdırmanın əsas məqsədi Nizami poeziyasında formalaşmış estetik, fəlsəfi və etik prinsiplərin Atayinin divan yaradıcılığında hansı şəkildə davam etdirildiyini müəyyənləşdirmək, həmçinin bu poetik sistemin onun əsərlərində necə yeni bədii-estetik məzmun və çalarlar qazandığını üzə çıxarmaqdır.
Məqalədə bu ədəbi əlaqənin bir sıra mühüm aspektləri, o cümlədən şeirlərin tematik dairəsi, insan obrazlarının təqdimatı, dini və mistik dünyagörüşü, zahir və batin anlayışlarının konseptual qarşılaşdırılması, tarixi yaddaşın əksi, eləcə də poetik dilin üslubi xüsusiyyətləri təhlil olunur. Müqayisəli və analitik yanaşma əsasında Atayinin klassik poetik irslə necə əlaqələndiyi, eyni zamanda bu irsi öz dövrünün intellektual və mədəni mühitinə uyğunlaşdıraraq necə yenidən mənalandırdığı araşdırılır.
Tədqiqatın nəticələri göstərir ki, Atayi böyük şairin zəngin poetik irsinə sadiq qalmaqla yanaşı, onu yaşadığı dövrün sosial-mədəni reallıqları kontekstində yenidən şərh etmişdir. Bununla da o, divan poeziyasında realist və sosial yönümlü elementləri özündə birləşdirən estetik model formalaşdırmışdır. Bu baxımdan, Atayi divanı yalnız klassik ədəbi ənənənin davamı kimi deyil, həm də həmin ənənənin transformasiyasını əks etdirən mühüm ədəbi mənbə kimi qiymətləndirilə bilər. Belə yanaşma Atayinin klassik irsə münasibətini müəyyənləşdirməyə, onun poetik fərdiliyini üzə çıxarmağa və Osmanlı divan poeziyası ənənəsi daxilində novator mövqeyini dəyərləndirməyə imkan verir.