NİZAMİ GƏNCƏVİ POEZİYASININ TƏHRİFLƏNMİŞ NÜMUNƏLƏRİ:DANEŞNAME-YE QƏDƏRXAN KONTEKSTİNDƏ
Keywords:
Nizami poeziyası, klassik lüğətlər, nadir əlyazması, təhriflənmiş beytlər, Əl-Faruqi, lüğətin faksimelisiAbstract
Orta əsrlərdə Hindistan məktəbinə aid olan “Daneşname-ye Qadərxan” lüğətinin yalnız bir əlyazma nüsxəsi dövrümüzədək gəlib çatmışdır. XV əsrdə tərtib edilmiş bu nadir əlyazmanın müəllifi Əşrəf ibn Şərəf əl-Müzəkkər əl-Faruqi lüğətin hazırlanması zamanı çoxsaylı leksik, elmi və ədəbi mənbələrdən istifadə etmişdir. Lakin müəllif əsərin müqəddiməsində yalnız Şeyx Nizaminin “Şərəfnamə” və Firdovsi Tusinin “Şahnamə” əsərlərinin adını çəkir.
İki min dörd yüz iyirmidən artıq sözün izahına həsr olunmuş bu əsərdə müxtəlif üslublarda yazan, farsdilli ədəbiyyatın təxminən 80 şairinin yaradıcılığından poetik nümunələrə rast gəlinir. Müəllifin ən çox müraciət etdiyi şair isə, təbii olaraq, Şeyx Nizami olmuşdur. Bunun əsas səbəbi Nizami yaradıcılığının əxlaqi və hikmətli məzmun baxımından hər zaman yüksək qiymətləndirilməsi ilə bağlıdır.
Orta əsrlərdə tərtib edilmiş leksikoqrafik əsərlərdə müşahidə olunan ən diqqətçəkən təhriflərdən birinə “Daneşname-ye Qadərxan” lüğətinin əlyazma nüsxəsində rast gəlinir. Burada digər müəlliflərin poetik nümunələrində olduğu kimi, Nizaminin “Xəmsə”sindən seçilmiş beytlərin təqdimində də müxtəlif dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər sırasında məna uyğunsuzluğu, sözlərin sinonimləri və ya digər variantlarla əvəzlənməsi, eləcə də müəllifin poetik nümunələrin mənbəyini və mənsubiyyətini qarışdırması kimi hallar xüsusilə diqqəti cəlb edir.