NİZAMİ GƏNCƏVİ ƏDƏBİ MƏKTƏBİ VƏ ŞƏRQ ƏDƏBİYYATINDA“XƏMSƏ” ƏNƏNƏSİ
Keywords:
Nizami Gəncəvi, poema, Xəmsə, şərq, ədəbi məktəbAbstract
Nizami Gəncəvi dünya ədəbiyyatında özünəməxsus mövqeyi ilə seçilən böyük ədəbi şəxsiyyətdir. Yalnız yaşadığı dövrün deyil, bütün zamanların böyük şairi kimi tanınan Nizami Gəncəvi zəngin və qiymətli ədəbi irsə malikdir. Nizami Gəncəvinin yaradıcılığı dünya ədəbiyyatı üçün mühüm mənbə təşkil edir. Təsadüfi deyil ki, onun zəngin ədəbi irsi dünyanın bir çox görkəmli sənətkarlarının yaradıcılığına əhəmiyyətli təsir göstərmişdir.
Nizami Gəncəvinin yaradıcılığının əhəmiyyəti yalnız yeni obrazların və yeni mövzuların ədəbiyyata gətirilməsi ilə məhdudlaşmır. Şairin dünya ədəbiyyatına ən mühüm töhfələrindən biri Yaxın və Orta Şərq ədəbiyyatının görkəmli nümayəndələri üçün zəngin mənbə və istiqamətverici örnəyə çevrilmiş, eyni zamanda Nizaminin özünəməxsus ədəbi məktəbinin formalaşmasına zəmin yaratmış məşhur “Xəmsə”sini yaratmasıdır.
Beləliklə, “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları sonrakı dövrün bir çox şairlərinin müraciət etdiyi mühüm ədəbi mövzu və nümunələrə çevrilmiş, Nizami Gəncəvinin zəngin ədəbi irsinin əsasını təşkil etmişdir. Şərqin bir çox sənətkarlarının əsərlərində Nizami Gəncəvi yaradıcılığının təsirini və ruhunu aydın şəkildə müşahidə etmək mümkündür. Sədinin “Gülüstan” və “Bustan”, Əssar Təbrizinin “Mehr və Müştəri”, Mahmud Şəbüstərinin “Gülşən-i raz”, Cəlaləddin Ruminin “Məsnəvi”, Marağalı Əvhədinin “Cami-Cəm”, Məsihinin “Vərqa və Gülşa” və bir sıra digər əsərlərinin Nizami Gəncəvi dühasından bəhrələnərək qələmə alındığını qeyd etmək mümkündür.
Eyni zamanda, Məhəmməd Füzuli, Əlişir Nəvai, Əmir Xosrov Dəhləvi, Əbdi bəy Şirazi, Arif Ərdəbili, Əşrəf Marağayi kimi sənətkarlar da Nizami Gəncəvinin ədəbi irsindən bəhrələnmiş, onun işlədiyi mövzu və süjetlər əsasında əsərlər yaratmışlar.