GƏNCƏLİ NİZAMİ VƏ TÜRK UTOPİYASI

Authors

  • Məhəmməd Rza KƏRİMİ

Keywords:

Nizami Gəncəvi, Türk utopiyası, Türk Divanı, Azərbaycan şairi, insanlıq istəkləri, azadlıq və ədalət

Abstract

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141–1209) bəşəri düşüncənin inkişafında xüsusi mövqeyə malik mütəfəkkirlərdən biridir. Onun zəngin irsi əsrlər boyu öz əhəmiyyətini qoruyub saxlamış, elmi və ədəbi baxımdan geniş və hərtərəfli məzmun daşıyan, ədəbiyyat və fikir tarixinin dəyərli nümunələri ilə təsdiqlənən möhtəşəm bir xəzinə kimi formalaşmışdır. Son səkkiz yüz il ərzində müxtəlif xalqların yüzlərlə görkəmli şairi Nizaminin yaradıcılıq irsindən bəhrələnmiş, onun əsərlərinin təsiri ilə öz poetik istedad və sənətkarlıq imkanlarını inkişaf etdirmiş, Nizami əsərlərini təqlid etmiş və onları öz dillərinə tərcümə etmişlər.

Məxzənül-əsrar, Həft peykər, Leyli və Məcnun, Xosrov və Şirin və İsgəndərnamə adları ilə məsnəvilər qələmə alan şairlərin yaradıcılığı Nizami sənətinin təsirindən kənarda qalmamış, onlar əsərlərini Nizami yaradıcılığına nəzirə və təqlid ruhunda ərsəyə gətirmişlər. Bu istiqamətdə yaradıcılıq göstərən sənətkarların hər biri öz dövrünün böyük söz ustası kimi seçilmişdir.

Nizami yaradıcılığının ideya və düşüncə qaynaqları yeddi əsas mənbədən qidalanır:

  1. Nizami Azərbaycanın yetirməsidir və onun düşüncə dünyasının əsasını Azərbaycan xalqının milli-mədəni irsi təşkil edir.
  2. Nizami müsəlmandır və onun dünyagörüşü, düşüncə sistemi və yaradıcılığı İslam dininin mənəvi-fəlsəfi dəyərlərindən qaynaqlanır.
  3. O, öz xalqının alim və mütəfəkkirlərinin, eləcə də türk və müsəlman alimlərinin, xüsusilə Fərabinin elmi-fəlsəfi irsinə bağlı olmuşdur.
  4. Nizami Yusuf Balasaqunluya (Xas Hacibə) böyük ehtiram bəsləmiş və onun təlimindən bəhrələnmişdir.
  5. “Şan qızı” hekayəsi IX əsrə aid olduqca qiymətli ədəbi abidə olmaqla yanaşı, Nizaminin həyat yoldaşı Afaqla bağlı xatirələri özündə əks etdirən və onun sənət dünyasına təsir göstərən mənbələrdən biri olmuşdur.
  6. “Kitabi-Dədə Qorqud” Nizaminin mənsub olduğu mədəniyyətin mühüm tərkib hissəsi kimi onun düşüncə və poetik dilindən kənarda qala bilməzdi.
  7. Nəhayət, sufi təriqətlərinin və qardaşlıq ənənəsinin təlimlərindən bəhrələnmə Nizaminin dünyagörüşünün və yaradıcılıq sisteminin mühüm qaynaqlarından biri olmuşdur.

Downloads

Published

2026-09-28

Issue

Section

Articles