NİZAMİ VƏ MƏHSƏTİ POEZİYASINDA İRFANÇILIQ ƏNƏNƏSİ

Authors

  • Mübariz YUSİFOV

Keywords:

poeziya, üslub, rəmz, batin, zahir

Abstract

Klassik sənətkarların yaradıcılığında təsəvvüf sənət-poetik üslub kimi istifadə edilmişdir. Nizamidən Mirzə Şəfi Vazehə qədər poetik yaradıcılığında təsəvvüfi üslubdan istifadə etməmiş sənətkar, demək olar ki, yoxdur. Təsəvvüfi üslub mahiyyət etibarilə daxili, gizli məzmunların açılmasına yönəlmiş dini-fəlsəfi dünyagörüşünün təsiri altında formalaşmışdır. Bu dünyagörüşünün əsasını “bilmədiklərimiz bildiklərimizdən daha çoxdur” prinsipi təşkil edir.

Bədii yaradıcılıqda da həmin dünyagörüşü təbiətdəki daxili və gizli məzmunların dərk edilməsinə yönəlmiş meyillərdə öz əksini tapır. Burada dini anlayışların mahiyyətinin dərk edilməsi məsələlərinə də müraciət olunur. Lakin bu cəhd aydın və birbaşa ifadələrlə təqdim edilə bilməz. Çünki teoloji baxışlara görə Tanrının anlaşılması çətin olan, gizli sirlərinin dərk edilməsi insan təfəkkürünün imkanları çərçivəsinə sığmır. Dini dünyagörüşündə belə bir sirrin açılmasına cəhd etmək küfr kimi qiymətləndirilir. Buna görə də idrak prosesi ilə bağlı anlayışların simvolik ifadə vasitələri ilə çatdırılması daha məqsədəuyğun hesab edilir.

Simvolların mahiyyətini dərk etmək hər kəsə aid olmayan, müdrik və bilikli insanlara məxsus xüsusi bir qabiliyyət kimi qəbul olunur. Təsəvvüfi ədəbiyyatda məhəbbət, aşiq, badə, mey, şərab, meyxanə, saqi və qədəh kimi sözlər, bir qayda olaraq, gizli məna və məzmunların ifadəsi üçün simvolikləşdirilir. Bu anlayışlar əslində sənətkarın sosial və fəlsəfi düşüncələrini əks etdirir. Mətnə dərinliklə yanaşdıqda sənətkarın ifadə etmək istədiyi fikir və məna qatlarını dərk etmək mümkündür. Zahiri yanaşma müstəvisində isə həmin sözlər simvolik məna daşıyıcısı kimi deyil, dünyəvi məzmununda başa düşülür.

Ümumilikdə, təsəvvüf Şərq poetikasının özünəməxsus simvolik təfəkkürünün parlaq təzahürlərindən biri kimi səciyyələndirilə bilər. Məhsətinin poeziyasında da bu ənənənin davam etdirilməsi onun poetik yaradıcılığının bədii mənzərəsində özünəməxsus şəkildə təcəssüm olunur.

 

Downloads

Published

2026-09-25

Issue

Section

Articles